İddialara görə, müqaviləyə təyyarə, təlim, sursat daxildir və 8 döyüş təyyarəsinin ilk partiyası Pakistan 2024-cü ilə qədər öz HHQ-si üçün sifarişlərini tamamladıqdan sonra çatdırılacaqdı. Lakin artıq dünən İlham Əliyevə təyyarələr təqdim olundu və Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edildi.

Qeyd edək ki, JF-17 Pakistan Aviasiya Kompleksi (PAC) və Çinin “Chengdu Aircraft Corporation” (CAC) şirkəti tərəfindən birgə hazırlanmış yüngül, tək mühərrikli, çoxməqsədli döyüş təyyarəsidir. O, tez-tez Çinin J-7 platformasının (MiQ-21) təkamülü adlandırılır və Çin sistemlərindən çox istifadə olunur. Təyyarənin adındakı “JF” abreviaturasının açılışı “Joint-Fighter” (Vahid Qırıcı), “Thunder” isə “İldırım” mənasını verir. Bu hərbi təyyarə ilk dəfə 2006-cı ildə sınaqdan keçirilib. Döyüş təyyarəsinin yüksək manevrlik qabiliyyəti var. Təyyarənin 58%-i Pakistanda, 42%-i isə Çində istehsal olunur.
“JF -17 Thunder” də bir sıra üstünlüklərə malikdir. O, “hava-hava”, “hava-yer” raketləri döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. Xüsusilə də keçmiş Sovet, hazırkı Rusiya istehsalı olan təyyarələrlə müqayisədə üstünlüyə malikdir. “JF -17 Thunder” in avionikası, optimal alt sistemləri, avtomatlaşdırılmış uçuş nəzarəti və son model silahlarla təchiz edilməsi bu döyüş təyyarəsinə eyni sinifdən olan rəqiblər üzərində həlledici üstünlük verir. Çeviklik və döyüş qabiliyyəti bu təyyarənin gücünü ortaya çıxarır. Təyyarənin silahlanmasına 70-100 km mənzilə malik idarə olunan raketlər, infraqırmızı başlıqlı qısa mənzilli raketlər, “hava-yer” tipli raketlər, radiolokasiya sistemlərinə qarşı raketlər, lazerlə idarə olunan raketlər, proqramlaşdırılmış kasetli bombalar, nüfuzedici bombalar, ümumi məqsədli bombalar, təlim bombaları daxil edilə bilir. İstifadəçinin istəyindən asılı olaraq döyüş təyyarəsində NATO, Sovet, yaxud Çin istehsalı olan silah sistemlərini tətbiq etmək mümkündür. Təyyarə müasir radioelektron mübarizə sisteminə malikdir.

JF-17-nin alınması Pakistan və Çinlə münasibətlərini yaxşılaşdıran Azərbaycan üçün strateji addım kimi qiymətləndirilməlidir. JF-17 platforması ən müasir Qərb sistemlərini əldə etmək üçün resursları olmayan regionlarda əhəmiyyətli dərəcədə vizual imkanlar və ilk hədəf üstünlüyü təmin etmək üçün nəzərdə tutulub. Hadisə Azərbaycanın hazırda əsasən “MiQ-21”, “MiQ-29”, “Su-24” və “Su-25” kimi Rusiya təyyarələrindən ibarət olan köhnə döyüş təyyarəsi parkını modernləşdirməyə çalışdığı bir vaxta təsadüf edir. Beynəlxalq bazarda məhdud variantları ilə JF-17 Azərbaycan üçün sərfəli həll variantını təklif edir.
Həmçinin Pakistan üçün Azərbaycana satış mühüm mərhələ və ixrac satışları gecikən JF-17 proqramına dəstək olacaq. Bu, həm də PAC üçün mühüm nailiyyətdir. JF-17 “Blok 3” AESA radarı, infraqırmızı axtarış və izləmə (IRST) sistemi, dəbilqəyə quraşdırılmış displey və nişangah (HMD/S) və qabaqcıl radioelektron mübarizə imkanlarına malikdir.
O, artırılmış daxili yanacaq tutumu, üç oxlu rəqəmsal “fly-by-wire” sistemi, daha yaxşı itələmə gücü və itələmə-çəki nisbətini təmin edən təkmilləşdirilmiş mühərriklə təchiz edilib. JF-17 “Blok 3” daha geniş çeşiddə “hava-hava”, “hava-yer” və gəmi əleyhinə raketləri, həmçinin idarə olunan və idarə olunmayan bombaları daşıya bilər.

Pakistan rəsmiləri JF-17 “Blok 3”ü “4-cü nəsil+” qırıcı kimi təsvir edərək, əvvəlki variantlara nisbətən əhəmiyyətli təkmilləşdirmələrə işarə ediblər. Pakistan HHQ 50 ədəd JF-17 “Blok 3” təyyarəsi üçün sifariş verib və tədarüklər 2022-ci ildən etibarən başlayıb. JF-17 “Blok 3” xüsusilə inkişaf etməkdə olan ölkələrdə öz qırıcı parklarını modernləşdirmək istəyən HHQ-lər üçün sərfəli, lakin bacarıqlı bir seçim kimi qiymətləndirilir.
JF-17 qırıcısı bütün müasir tələblərə cavab verir, həmçinin müasir və güclü bir ordunun formalaşmasına imkan verir. JF-17-in müasir dizaynı, ən çox F-16 “Falcon” tipli universal qırıcılarındakına bənzər bir blok sistemli konstruksiyaya sahibdir. JF-17 müasir qırıcıların qabaqcıl imkanlarını təmin edən bütün lazımi texniki, əməliyyat və istismar xüsusiyyətlərinə malikdir. O, son nəslin müasir qırıcısı kimi paralel olaraq güclü bir silahlanma və avionika paketini daşıyır.
JF-17 havada yanacaq doldurmaq qabiliyyətinə, digər mənbələrdən hədəf göstərilməsi ilə vizual görüntü zonasından kənarda yerləşən hədəflərə atəş açmaq rejiminə (BVR rejimi – “Beyond Visual Range”), AWACS erkən xəbərdarlıq sisteminə və s. sahibdir. İnformasiyaya malik olmayanlar üçün qeyd edək ki, radioaşkaretmə və tuşlama aviasiya kompleksi, qırıcıya quraşdırılan elektron kəşfiyyat və idarəetmə sisteminə daxildir və düşmən hədəflərinin (havada, yerdə, suda) aşkarlanması, məhvetmə vasitələrinin onlara tuşlanması və yaxud onların ələ keçirilməsi üçün nəzərdə tutulur. Belə sistemlər hərbi əməliyyatlarda istifadə üçün nəzərdə tutulur.

Çox güclü avionika paketinə və gündüz/gecə hədəfalma imkanlarının mövcudluğuna görə, JF-17 dağlıq ərazilərdə dəqiq hava əməliyyatları həyata keçirə bilir. Bu imkanlar dağlıq ərazilərdə terrorçulara qarşı müharibədə artıq Pakistan ordusu tərəfindən sınaqdan keçirilib.
Bu yaxınlaradək “Thunder”i o qədər də böyük olmayan sürəti və yüksək olmayan silah daşıma qabiliyyətinə görə tənqid edirdilər – 1910 kilometr/saat və 0,91 mütənasibliyi, həmçinin o qədər də böyük olmayan döyüş radiusu: 1352 kilometr. Buna görə də Pakistan ixrac etdiyi JF-17-ləri ağırlıqqaldırma qabiliyyəti 9180 kilohers təşkil edən və 1,01-dən az olmayaraq silah daşımağa izn verən “Eurojet” EJ200-lərlə təchiz etmək barədə düşünür. Üstəlik pakistanlılar hazırda həqiqətən də “Thunder”lərin səviyyəsinin və ixracının yüksəkdilməsi üçün böyük səylər göstərir, islahatlar aparırlar.
Belə ki, pilot kabinəsinin fənərinin qarşısında, təyyarənin burun hissəsində yerləşdirilən infraqırmızı sensorla yanaşı F-17 “Thunder” Türkiyənin ASELSAN şirkətində istehsal olunan optik-elektron WMD-7 ASELPOD konteyner kompleksi ilə də təchiz edilib. Bu çoxfunksiyalı kompleks Amerika istehsalı olan və Pakistan F-16-larına quraşdırılmış “Sniper ATP”nin bənzəridir. ASELPOD çoxfunksiyalıdır, həm dəniz və quru, həm də hava hədəfləri ilə istilik və infraqırmızı şüaları vasitəsilə işləməyə qadirdir. Kompleks eyni anda 50 kilometr məsafəyədək 8 müxtəlif hədəfi izləyə bilər. Bu məsafədə iri raket kateri tipli həfədlər aşkarlana bilir. 25 kilometr məsafədə isə lazer şüası vasitəsilə aviabombalar və özütuşlanan yarıaktiv lazer döyüş başlıqlarını istifadə etmək mümkündür.

Pakistan mühəndisləri digər xüsusiyyətləri də unutmayıblar. Məsələn, məsafənin artırılması üçün döyüş radiusunu 1600-1700 kilometrədək artıran iri yanacaq bakları sayəsində maşınların taktiki potensialı praktiki olaraq “Rafael” və ya Su-30MKİ-lərlə bərabərləşir. Hədəf müəyyənləşdirmə sisteminin, fazalaşdırılmış müasir radar və infraqırmızı sensor, radiomüəyyənləşdirmə vasitələrinin tətbiqi JF-17-ləri “4+” nəsil təyyarələrə çevirir.
Habelə qeyd edək ki, Ermənistanın Su-30 qırıcısının 4+ nəsilinə aid olduğu iddia edilsə də, bu təyyarələr müasir rəqibləri ilə müqayisədə çox zəif stels göstəricilərlə xarakterizə olunur, eyni zamanda birbaşa görüntü sahəsindən kənarda aparılan hava döyüşündə real qələbə şansına malik deyil. Bu qırıcının iki mühərrikə sahib olması isə böyük infraqırmızı termal siqnatura yaradır, bu isə təyyarənin idarəolunan raketlərə qarşı daha həssas olmasına münbit şərait yaradır. Nəticədə “Su” pilotlarının hədəf halına gəldiklərini dərk etmədən qırıcı ilə birlikdə məhv edilmə təhlükələri daha da artır.
“Blok 3” versiyası isə daha mükəmməl infraqırmızı axtarış-izləmə sistemini və stels xüsusiyyətlərini özündə birləşdirməklə yanaşı, ən müasir AFAR radarından istifadə edəcək. Yeni AFAR tərəfindən qırıcının pilotuna vəziyyət haqqında məlumatların təqdim edilməsi qırıcının radarlara görünməsini minimuma endirəcək. Qırıcının hələ əvvəlki versiyası NATO istehsalı da daxil olmaqla, demək olar ki, bütün siniflərin müasir idarəolunan raketlərini daşımaq imkanlarını təmin edib. Sonuncunun isə daha üstün avadanlıqlarla ciddi texniki uçuş xüsusiyyətləri əldə edəcəyi şübhəsizdir. 150 km məsafədə hədəflərin məhv edilməsinə imkan verən PL-15 raketləri isə Pakistan qırıcısının Rusiya aviasiya vasitələri ilə hava döyüşündə əlçatmaz məsafədən mütləq üstünlük əldə etməsinə imkan verəcək.

Bu qırıcıların döyüşdə tətbiq olunmasına gəldikdə isə Su-30SM və JF-17 hava döyüşü üçün yaxşı uyğunlaşdırılıb. Vaxtilə JF-17 təyyarəsinin hava döyüşündə Hindistan Hərbi Hava Qüvvələrinin Su-30MKI təyyarəsinə döyüş tapşırığını yerinə yetirməsinə imkan verməməsi barədə məlumatlar olduqca ciddi müzakrə mövzusuna çevilmişdi. Xarici mətbuatda dəfələrlə bu tip təyyarələrin texniki çatışmazlığı barədə də xəbərlər verilib. Su-30SM qırıcılarının avionikası, naviqasiya sistemi ilə bağlı hələ də problemlər var və hətta onun AL-31F güc qurğusu məhdud resursa malikdir. Bu baxımdan, hava döyüşü vizual vəziyyətə gələnə qədər həm yerüstü radar, həm də JF-17 radarının daha böyük en kəsiyi sahəsinə malik olduğu üçün Su-30 daha erkən aşkar ediləcək. Nəticədə, JF-17 daha əvvəl və uzaq məsafədən raket buraxacaq. JF-17-nin digər bir üstünlüyü eyni anda 15 hava hədəfini izləmək və eyni zamanda 4 hədəfi ələ keçirmək bacarığıdır. Bütün bunlar hava döyüşündə nəzərə alınmalı ciddi faktorlardır.
Nəticə etibarilə, baş verən inkişaflar Azərbaycanın strateji müttəfiq hesab olunan Çinin bəzi hərbi texnologiyalarına yaxınlaşmasına da imkan verəcək. Pakistan Çin ilə JF-17 qırıcılarını istehsal edir və Çinin konstruksiyalarını özünün “Şahin” ballistik raketlərinə uyğunlaşdırır. Xüsusilə qeyd edək ki, Çin-Pakistan əməkdaşlığından ortaya çıxan JF-17-nin uzun müddətdir nüvə roluna sahib olduğu düşünülürdü. Ən son, yeni fotolar Pakistanın JF-17-lərinin taktiki nüvə raketləri ilə təchiz olunduğunu təsdiqləyir. Pakistanın nüvə silahı proqramının təhlili uzun müddətdir hökumət sirri səbəbindən qeyri-müəyyənliklə doludur. Pakistan uzun müddətdir ki, nüvə silahına malik təyyarələrini, onlarla əlaqəli havadan buraxılan qanadlı raketlərini (ALCM) modernləşdirir və bunlar düşmən ölkələri həyacanlandırmaya bilməz.
Bütün bunları nəzərə alsaq, JF-17 “Blok 3” qırıcılarının əldə edilməsinin Azərbaycana böyük strateji üstünlüklər qazandıracağını deyə bilərik. Ölkəmiz müasir stels texnologiyalı qırıcı parkına sahib olmaqla yanaşı, çox ciddi çəkindirmə gücünə sahib olacaq. Ermənistanda yerləşən istənilən hərbi obyektin hədəfə alına bilməsi, xüsusilə bu əməliyyatların uzaq məsafələrdən aşkarlanmadan həyata keçirilməsi sürətlə silahlanan Ermənistana ciddi mesaj və çağırışdır.
Ordu.az